ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi növbəti ilkə imza atdı

25.08.2020

 Abşeron Logistika Mərkəzi yükdaşımaları sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir.

İqtisadiyyatın inkişafına daha da dəstək verəcək növbəti layihəyə imza atılaraq 24 avqustda beynəlxalq konteyner daşımaları üzrə dünyada aparıcı şirkətlərdən biri olan COSCO SHIPPING Lines ilə mərkəz arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Bu əməkdaşlıq sayəsində, Azərbaycan beynəlxalq yükdaşımalarında ilk dəfə olaraq son təyinat nöqtəsi kimi qeyd olunacaq və bu təyinat nöqtəsi məhz Abşeron Logistika Mərkəzi olacaq.

Bu əməkdaşlıq yük sahiblərinə də böyük fayda qazandıracaqdır. Belə ki, Gürcüstan, Türkiyə, Pribaltika ölkələrinin dəniz limanlarında konteynerlərin geri qaytarılması üçün mövcud olan “free time” (limitli vaxt) Abşeron Logistika Mərkəzinə daxil olduqdan sonra hesablanmağa başlanacaq. Boş konteynerlərin geri qaytarılması da yuxarıda sadalanan dəniz limanlarında deyil, Abşeron Logistika Mərkəzinin ərazisində həyata keçiriləcək. Bu, sahibkarlara əlavə xərclərin qarşısını almağa kömək edəcəkdir.

Bununla yanaşı, ixrac daşınmaları üçün yüklərin birbaşa Azərbaycandakı konteynerlərə yüklənməsi imkanını təmin etmək üçün (gediş limanında yenidən yüklənməmək şərti ilə) Abşeron Logistika Mərkəzinin ərazisində yerləşən anbarlarda COSCO Shipping Lines şirkətinə məxsus böyük sayda boş konteynerlərdən istifadə olunacaq.

Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərın optimallaşdırılması yük sahiblərinin ölkəmizə olan marağını artıracaqdır. Logistika və ticarət sahəsində xarici ekspertlərlə əməkdaşlıq edilməsi Azərbaycanın beynəlxalq yükdaşımalarda regional qovşaq kimi əhəmiyyətini artıracaq.

“COSCO Shipping Lines” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi “ISR DTS Azərbaycan”dır və “ISR Holding LTD”  şirkətlər qrupunun tərkib hissəsinə daxildir.

 

geri