ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzində ilin yekunları müzakirə edilib

07.01.2020

2019-cu ilin yekunları ilə bağlı  dekabrın 30-da Abşeron Logistika Mərkəzində gömrük və vergi orqanları nümayəndələrinin də iştirak etdiyi tədbir keçirilib. Giriş sözü ilə çıxış edən mərkəzin baş direktoru Ziya Ağayev bildirib ki, dövlət başçısının çoxşaxəli islahatları nəticəsində 2019-cu il Abşeron Logistika Mərkəzi və ümumilikdə ölkəmiz üçün çox uğurlu olmuşdur. O, qeyd edib ki, mərkəz beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilərək ölkə iqtisadiyyatının inkişafında, xüsusilə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində qısa müddət ərzində nəzərəçarpan paya sahib olaraq bütün fəaliyyət istiqamətlərində artım və yüksək nəticələr əldə edib. 

Ziya Ağayev deyib ki, nəqliyyat və logistika sahəsində peşəkar kadrların yetişdirilməsi ilə bağlı müxtəlif təhsil müəssisələri ilə qarşılıqlı memorandumlar imzalanaraq mərkəz daxilində təcrübə proqramları təşkil olunub.

O, eyni zamanda əməkdaşlar üçün müasir tələblərə uyğun və təhlükəsiz iş mühiti yaradılaraq sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlimlər keçirildiyini də vurğulayıb.

Ağayev mərkəzdə müştəri məmnuniyyətini qarşılamaq məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən törəmə şirkətlərin təsis edildiyini bildirib.

Gələcək planlar haqqında məlumat verən Ziya Ağayev yeni tikinti materialları mərkəzi və yüksək funksionallığa, müasir infrastruktura sahib olan anbarların yaradılması ilə bağlı layihələrin icrasına başlanıldığını vurğulayıb.

Mərkəzin fəaliyyətinə dəstək olan gömrük, Azərbaycan Dəmir Yolları və vergi orqanlarının rəhbərliklərinə minnətdarlığını bildirib.

Əldə edilən nailiyyətlərin bütün komandanın uğuru olduğunu qeyd edən Ziya Ağayev mərkəzin kollektivinə də öz təşəkkürünü bildirərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər kəsi təbrik edib.

Daha sonra Abşeron gömrük postunun rəisi Muxtar Şükürov hər kəsi Yeni il münasibətilə təbrik edib. O bildirib ki, mərkəzin bir sıra əhəmiyyətli dövlət orqanları ilə birgə fəaliyyət göstərməsi nəticəsində müasir biznes modelinin qurulması, İSO 9001:2015 beynəlxalq sertifikatının alınması kimi bir çox uğurlar məhz Ziya Ağayevin və onun rəhbərlik etdiyi kollektivin böyük əmək və səyinin nəticəsidir.

Sonda digər rəhbər işçilər çıxış edərək Abşeron Logistika Mərkəzinin ölkə iqtisadiyyatının inkişafındakı əhəmiyyətli rolundan və bu sahədə verə biləcəyi töhfələrdən danışıblar.

geri