ƏLAQƏ

MEDİA

Çindən yola düşən daha bir blok qatarı Abşeron Logistika Mərkəzinə çatıb

06.07.2019

Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb. İyulun 6-da Abşeron Logistika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.

Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.

Layihə bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət cari ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Mərasimdə çıxış edən İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vurğulayıb.

O, cari ilin 6 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əlverişli coğrafi mövqeyə malik, “Böyük İpək Yolu”nun üzərində yerləşən Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. O, ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.

Sian şəhəri Xalq hökumətinin vitse-meri Q.Qao isə Sian-Bakı blok qatarının Azərbaycan və Çin şirkətlərinin işinə böyük töhfə verəcəyini deyib. “Ötən il Siandan Avropaya 1300-dən çox qatar yola salınıb, bu isə milyardlarla dollar gəlir deməkdir. Bu gün Siandan Bakıya gələn qatar reysi ümumilikdə Çindən Avropaya gedən 13-cü marşrut yoludur. Ümid edirik ki, çinli və azərbaycanlı biznesmenlər yaradılmış bu şəraitdən yararlana biləcəklər. İnanırıq ki, Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlığımız daha da genişlənəcək. Sian-Bakı qatar yolu bu istiqamətdə atılan vacib addımlardan hesab edilə bilər”, - deyə Q.Qao bildirib.

Sian-Bakı ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.

geri