ƏLAQƏ

MEDİA

Sian-Bakı yük qatarı ikitərəfli səfərlərə başlayır

20.09.2018

“Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri baş tutub. “Bir kəmər, bir yol: Sian-Bakı” beynəlxalq yük qatarının ilk konteyner qatarı sentyabrın 20-də Bakıya çatıb.

 İlk konteyner qatarının Bakıya çatması ilə əlaqədar Abşeron Logistika Mərkəzində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayevin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan Azərbaycan hökuməti və xalqına dərin hörmətini bildirərək ölkələrimiz arasında olan dost münasibətlərinin xalqlarımız arasında da təzahür etdiyini qeyd edib. 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə birgə İpək Yolu iqtisadi kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bu, iki ölkə arasında münasibətləri daha da gücləndirib.

O, bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə böyük irəliləyişlər var. Hazırda Çin və Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan müşavir, iki dost ölkə arasında əlaqələrin gündən günə daha da genişləndiyini qeyd edib. Van Çunqan bu gün “Sian-Bakı” beynəlxalq yük qatarının Bakıya çatmasını iki dövlət arasında mövcud münasibətlərdə növbəti uğuru adlandırıb. Çinin Azərbaycana böyük investisiyalar yatırdığını bildirən diplomat ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini deyib.

Van Çanquan bildirib ki, “Sian-Bakı” beynəlxalq yük qatarının ilk səfəri “Azərbaycan Dəmir Yolları (ADY) Konteyner” MMC ilə Çinin “Ciuduo” beynəlxalq logistika şirkəti ilə birgə həyata keçirilib.

Abşeron Logistika Mərkəzi və onun fəaliyyəti ilə tanış olan qonaqlara mərkəzin direktoru Ziya Ağayev ətraflı məlumat verib.

Ziya Ağayev bildirib ki, tarixi İpək Yolunun mərkəzində yerləşən Logistika Mərkəzi beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk logistik mərkəzdir.

Diqqətə çatdırılıb ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir. Bu il avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməyə başlayacaq. İkinci mərhələdə isə 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafı logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək. Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Ziya Ağayev qeyd edib ki, bu mühüm infrastruktur obyektinin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yükdaşımalarını daha çevik yerinə yetirməyə imkan yaranacaq.

geri