KARYERA
ƏLAQƏ

MEDİA

Sərgi biznes əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır

09.06.2026

Elşad Namazov, Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru:

 

Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlamışdır. Mərkəzin açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionun ən böyük quru yük limanlarından biridir. Ərazidə yerləşən gömrük postu logistika proseslərinin operativ və səmərəli təşkilinə imkan yaradır. Beynəlxalq və daxili yükdaşımaları, terminal, anbar, gömrük və broker xidmətləri eləcədə digər logistika xidmətləri vahid pəncərə prinsipi əsasında həyata keçirilir.

 

Əsas fəaliyyət istiqamətimiz logistika sahəsi olsa da, son illərdə yeni layihələrin həyata keçirilməsi istiqamətində də mühüm addımlar atmışıq. Bu layihələrdən biri də Mərkəzin ərazisində yaradılan “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsidir.

 

20 hektar ərazidə yaradılmış Biznes Park Abşeron artıq istifadəyə verilib və ilk rezidenti ərazidə fəaliyyət göstərir. Hazırda potensial rezidentlər ilə danışıqlar davam etdirilir. Layihənin əsas üstünlüyü istehsal və emal müəssisələri üçün hazır infrastrukturun təqdim edilməsidir. Rezidentlər istehsal avadanlıqlarını mövcud infrastruktura yerləşdirərək qısa müddətdə fəaliyyətə başlaya bilərlər. Abşeron Logistika Mərkəzinin ərazisində fəaliyyət göstərmələri sahibkarlara idxal və ixrac əməliyyatlarını daha səmərəli təşkil etmələrinə şərait yaradır. Dövlət tərəfindən təqdim olunan vergi güzəştləri də layihənin investisiya cəlbediciliyini artıran əsas amillərdəndir.

 

Abşeron Logistika Mərkəzi ölkənin tranzit potensialının artırılmasına və iqtisadi inkişafına töhfə verən aparıcı logistika platformalarından biridir. Orta Dəhliz üzrə daşınan yüklərin əhəmiyyətli hissəsi məhz Abşeron Logistika Mərkəzində qəbul edilir. Eyni zamanda, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Çinin Sian şəhərindən Azərbaycana gələn ilk konteyner qatarı elə Mərkəzimizdə qarşılanıb. Azərbaycanın Çinə ilk ixrac qatarı da Qazaxıstan üzərindən məhz Abşeron Logistika Mərkəzindən yola salınıb.

 

Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak Mərkəzimiz üçün xüsusi əhəmiyyət daşıyır. Bu kimi beynəlxalq platformalar yeni tərəfdaşlıqların qurulması və biznes əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Artıq sərginin ilk günündən etibarən Çin və digər ölkələrdən olan şirkət nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirilib, perspektiv əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılıb. Sərgi çərçivəsində yeni əlaqələrin formalaşacağını və beynəlxalq tərəfdaşlıq şəbəkəmizin daha da genişlənəcəyini gözləyirik. Bu istiqamətdə əldə olunacaq nəticələr şirkətimizin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinə və regional logistika mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. 

geri