ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzi vasitəsilə Çinə ilk ixrac baş tutub

24.11.2024

24 noyabr tarixində Abşeron Logistika Mərkəzi vasitəsilə Çinə dəmiryolu ilə ilk ixrac baş tutub. Qatarın yola salınma mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının və Sian Portunun nümayəndələri də iştirak ediblər. Qeyd edək ki, göndərilən blok konteynerlər Orta Dəhliz üzərindən keçərək Azərbaycandan Çinə yola salınan ilk ixrac yüküdür və ölkəmiz üçün beynəlxalq yükdaşımaları sahəsində yeni bir mərhələnin başlanğıcıdır. Orta Dəhlizin sürətlə inkişafı istər Şərq-Qərb, istərsə də Qərb-Şərq istiqamətində yükdaşımaların həcminin artırılmasına təkan vermiş olur.

Belə ki, göndərilən blok konteynerlər Qazaxıstan üzərindən keçərək Çinin Sian şəhərinə çatdırılacaq. “Bakı-Sian” ilk ixrac blok qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayev mərasimdə çıxış edərək sözügedən əlamətdar hadisənin əhəmiyyətini vurğulayıb: "Bu təşəbbüs Azərbaycanın ixrac potensialını yeni səviyyəyə çıxarmaqla yanaşı ölkəmizin dünya ticarət sistemində strateji mövqeyini daha da gücləndirəcək. Qərb-Şərq marşrutu üzrə hər iki istiqamətə yüklərin daşınması baxımından bugünkü tədbirin böyük əhəmiyyəti var. Artıq yerli sahibkarlar öz yüklərini Orta Dəhliz vasitəsilə birbaşa Çinə göndərə biləcəklər. ADY olaraq ölkəmizin beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr üzərində çalışırıq".

Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev bildirib ki, biz bu günə qədər Çindən Azərbaycana gələn idxal və tranzit yüklərinin qəbulu ilə bağlı bir çox tədbirlərdə iştirak etmişik. Bu gün ilk dəfə olaraq Orta Dəhliz vasitəsilə Azərbaycan mənşəli yüklərin ixracını da bu dəhliz üzrə blok konteynerlər şəklində həyat keçirməyə başlayırıq. O qeyd edib ki, bu cür layihələr Azərbaycanın dünya ticarət sisteminə inteqrasiyasını daha da genişləndirəcək. Bu layihə həm iqtisadiyyatın inkişafına töhfə verəcək, həm də yerli istehsalçıların yeni bazarlara daxil olmasına imkan yaradacaq və bundan sonra ölkəmizin beynəlxalq ticarət sahəsindəki ixrac potensialındakı mövqeyi də güclənəcək.  Bununla yanaşı, xarici investorların ölkəmizə marağı daha da artacaq.

Qeyd edək ki, Azərbaycan və Çin arasındakı ticarət əlaqələrini daha da gücləndirən bu layihə, Azərbaycan üçün regional tranzit mərkəzi kimi mühüm strateji imkanlar yaradır.

geri