MEDİA
Abşeron Logistika Mərkəzi ilə Çinin "Shandong Chilu Express Eurasia Class Train Operation" şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
09.07.2024İyulun 8-də Çin ilə Azərbaycanın logistika və turizm şirkətlərinin iştirakıyla "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda konfrans keçirilib.
Bakıda keçirilən konfransda Abşeron Logistika Mərkəzi ilə Çinin "Shandong Chilu Express Eurasia Class Train Operation" şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
İmzalanan sənədin məqsədi yükdaşımaları sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaq və qarşılıqlı təcrübələrin mübadiləsidir.
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev konfrans zamanı çıxış edib. O çıxışı əsnasında bildirib ki, ilin əvvəlindən Çindən gələn blok qatarının 70-75 %-i Azərbaycanın idxal məhsullarıdır. Yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb. Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən gələn yüklərin geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından beynəlxalq əməkdaşlıqların artırılmasına xüsusi əhəmiyyət verir.