MEDİA
Abşeron Logistika Mərkəzində gübrə anbarları istifadəyə veriləcək
21.04.2022Abşeron Logistika Mərkəzində hal-hazırda böyük tələbat olan kimyəvi zəhərli maddələrin saxlanılması üçün gübrə anbarları inşa edilir. Peşəkar ekspertlərin nəzarəti altında inşa edilən anbarlar, bütün texniki şərtlərə və sanitar-gigiyena tələblərinə uyğunlaşdırılmışdır.
Anbarlarda gübrə, pestisid, bioloji preparatlar və digər kimyəvi maddələr saxlanılacaq. Kimyəvi maddələrin saxlanılması zamanı xüsusi standartlar tələb olduğu üçün Mərkəz tərəfindən anbarların inşası prosesində bütün fitosanitar normalara əməl edilmiş, yanğından mühafizə və digər təhlükəsizlik tədbirləri görülmüş, havadəyişən qurğular quraşdırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilmiş şərtlərə əsasən bu anbarlar dəmiryoluna yaxın, açıq yerlərdə yerləşməli, torpağın, yeraltı suların və havanın çirklənməsinə yol verilməməlidir. Buna görə də lazımi təhlillər aparıldıqdan sonra anbarların Abşeron Logistika Mərkəzinin ərazisində inşasına qərar verilmişdir. Həmçinin, mərkəzin ərazisindən dəmiryolu xətlərinin keçməsi, Abşeron gömrük postunun ərazidə yerləşməsi, radioloji dozimetrik sanitar karantin müayinə xidmətinin olması sahibkarları vaxt itkisi və əlavə xərclərdən də azad edir.
Abşeron Logistika Mərkəzi tərəfindən verilən məlumata görə, inşası davam edən anbarlar bu ilin aprel ayının sonlarında istifadəyə veriləcək. Gələcəkdə tələbat olarsa, yeni gübrə anbarlarının tikintisi də planlaşdırılır.