ƏLAQƏ

MEDİA

Abşeron Logistika Mərkəzində Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb

08.07.2021

Azərbaycanda logistika və ticarət sahəsinin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilir. Keçirilən layihələrin fəal iştirakçılarından biri də məhz Abşeron Logistika Mərkəzidir.

 

Abşeron Logistika Mərkəzinin təşəbbüsü ilə ölkədə logistikanın inkişafı üzrə təhlillər aparılması məqsədilə Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb.

 

Yaradılan mərkəzin əsas məqsədi logistika sektorunun inkişafı üçün yeni xidmətlərin yaradılması, bu sahədə mövcud problemlərin müəyyən olunması və onların həlli istiqamətində elmi araşdırmaların, analizlərin edilməsidir. Yerli və xarici şirkətlərlə əməkdaşlıq etməklə müəyyən logistik xidmətlərin ölkədə tətbiqi, ölkənin mövcud potensialı nəzərə alınaraq, bu sahədə mühüm hədəflərə nail olmaq da qarşıya məqsəd kimi qoyulmuşdur.

 

Bildirmək istərdik ki, yaradılan mərkəzin fəaliyyət istiqamətlərinə logistika sektorunun müxtəlif sahələri, xüsusən də dəmiryolu daşımaları, anbar logistikası, gömrük anbar rejimləri üzrə yeni xidmətlərin ölkədə tətbiqi, logistika sahəsində mövcud tendensiyaları müəyyənləşdirmək və riskləri proqnozlaşdırmaq, həmin risklərin ölkə iqtisadiyyatına mümkün təsirlərini araşdırmaq da daxildir.

 

Araşdırmalar və İnkişaf Mərkəzində logistik xidmətlərdən yararlanan sahibkarlara dəstək göstərilməsi məqsədilə bir sıra layihələr həyata keçiriləcək. Belə ki, sahibkarlarla mütəmadi görüşlər təşkil edilərək onların qarşılaşdığı problemlər və çətinliklər müəyyən olunacaq, onların həlli istiqamətində bir sıra tədbirlər planı hazırlanacaq.

 

Mərkəz logistika sahəsinin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli iqtisadi mühitin yaradılması məqsədi ilə beynəlxalq təcrübəni də təhlil edir. Həmçinin mərkəzin səlahiyyətlərinə aid olan məsələlər üzrə mütəmadi olaraq konfranslar və simpoziumların keçirilməsi, bununla yanaşı logistika sahəsinə olan marağın artırılması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə töhfə verilməsi məqsədilə  maarifləndirmə işlərinin həyata keçirilməsi  planlaşdırılır.

geri