CONTACT

MEDIA

02.10.2018

Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə oktyabrın 2-də “Azərbaycan beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans işə başlayıb.

Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə tanınmış alimlər və mütəxəssislərlə yanaşı, dünyada logistika sahəsində tanınmış universitetlərin alimləri də iştirak ediblər.

Konfransa yerli alimlərlə bərabər, xarici ölkələrdən də məqalələr göndərilib.

Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət ediblər.

BMU-nun rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən, konfransın əhəmiyyətindən danışıb. “Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu müasir iqtisadiyyatın inkişaf strategiyası dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyən rektor logistika layihələrinin iqtisadiyyatımıza verdiyi töhfələrdən söz açıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin elm sektorunun müdiri Anar Kazımov, Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASECA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev və Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev çıxışlarında Prezident İlham Əliyevin nəqliyyat sektoruna diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırkı inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə olan əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.

Plenar iclasla davam edən konfransda A.Mustafayevin, X.Həsənlinin, A.Nekrasovun, K.Atayevin və A.Siniçınanın məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans oktyabrın 5-dək davam edəcək.

back